domingo, 18 de marzo de 2018

Əlif -parçası- (versión azerí)

İndi hekayətimin söylənməyi mümkün olmayan məqamına keçir, yazıçı gücsüzlüyümü boynuma alıram. Hər bir dil istifadəsi keçmişin həmsöhbətilə ümumi bir şeyi nəzərdə tutan rəmzlərin əlifbasından ibarətdi. Amma sonuncu, mənim çəkingən ağlım üçün dərkolunmaz Əlifi başqalarına necə təsvir eləyim? Mistiklər bu cür hallarda emblemlərdən yararlanırlar: Pers ilahini bildirmək üçün müəyyən şəkildə eyni vaxtda bütün quşlar olan quş barədə; Alanus de İnsulis mərkezi hər yerdə, çevrəsi heç yerdə yerləşən sahə baradə; İezekil eyni vaxtda Şərq və Qərbə, Şimala və Cənuba baxan dördüzlü mələk barədə danışır. Mə bu az anlaşılan analogiyaları əbəs yerə gətirmirəm, onların Əlifə müəyyən qədər dəxli var. Ola bilsin, allahlar mənə mərhəmətdən imtina eləməzlər, mən bə bir vaxt eynidəyərli obras taparam, amma həmin vaxtacan məlumatımda ədəbiyyatçılıq, saxtalıq basqısı qaçılmazdı. Bundan başqa, əsas problemlər – yarımçıq da olsa, sonsuz sayda çox sadalamalar həll olunmazdı. Həmin nəhəng anda milyonlarla təzahürlər - gözləri sevindirən və dəhşətə salan – gördüm, heç biri məni onların hamısının bir-birnin üstünə düşmədən, şəffaf olmadan bir yerdə baş verməsi faktı kimi heyrətləndirmədi. Gözlərimin gördükləri eyni zamanda baş verirdi, amma təsvirimdə ardıcıllıqla aşkara çixacaqlar – dilin qanunu belədi. Hər halda, bəzi şeylər deyəcəyəm.

Pilləkənin aşağı səthində, sağ tərəfdə gözqamaşıdırıcı parlaqlığı olan oynaq işıq salan kürəcik gördüm. Əvvəlcə mənə elə gəldi, sanki fırlanır, sonra başa düşdümki, hərəkət illüziyası ondakı heyrətamiz, başgicəlləndirici səhnələri doğururdu. Əlifin diametri iki-üç santimetr idi, amma onda kainatın bütün, həm də heç də kiçildilməmiş məkanı vardı. Hər bir predmet (məsələn, şüşə güzgü) predmetlərin sonsuz çoxluğuydu, çünki mən onu kainatın bütün nöqtələrindən görürdüm. Canlıların sıx yaşadıqları dənizi görürdüm, dan yerini və qürubu görürdüm. Amerika sakinlərinin kütləsini görürdüm, qara piramidanın içindəki gümüşü hörümçək torunu görürdüm, dağılmış dolanbacı görürdüm (Bu Londondu), düz böyrümdə güzgüyə baxan kimi, mənə diqqətlə nəzər salan sonsuz sayda göz görürdüm, planetimizin bütün güzgülərini görürdüm, heç biri də əks etdirmirdi, Solor küçəsindəki arxa həyətdə otuz il qabaq Fray Venton küçəsindəki bir evin kandarında gördüyüm kimi, elə eyni daş plitələr gördüm, tənək, qar, tütün, filiz damarlarını, suyun buxarlanmasını görürdüm, qabarıq ekvatorial düzənliklərini, hər bir qum dənəsini görürdüm, İnvernessdə heç vaxt unutmayacağım qadını görürdüm, onun qalın saçlarını, məğrur bədənini görürdüm, döşündəki xərçəngi görürdüm, əvvəllər ağac olan səkidə quru torpaq dairəsini görürdüm, Adroqadakı şəhərətrafi evi görürdüm, Pliniyin kitabının Faylmon Hollandın elədiyi ilk ingilis tərcüməsini görürdüm, eyni vaxtda hər bir sahifədəki hər bir hərfi (uşaq vaxtı niyə kitabı örtəndə hərflərin gecə bir-birinə qarışıb itmədiklərinə təəccüblənirdim) görürdüm, gecəni, dərhal da gündüzü görürdüm, Keretaroda elə bil bir Benqal qızılgülünün rənginin əks olunduğu qürubu görürdüm, mənim boş yataq otağımı görürdüm, Alkmardakı bir elmi kabinetdə onu sonsuz əks etdirən iki güzgü arasında qlobus görürdüm, dan yeri qızdıranda Xəzər dənizi kənarında yalmanları yellənən atları görürdüm, ovcun zərif özəyini görürdüm, döyüşdən sonra sağ qalanları, açıqca göndərənləri görürdüm, Mirsapurun vitrinində ispan kart dəstini görurdüm, qış bağında tülpanların köndələn kölgələrini görürdüm, pələngləri, trombları, bizonları, dəniz qasırğalarını, orfduları görürdüm, yer üzündə olan bütün qarışqaları görürdüm, İran üstürlabasını görürdüm, yazı masasının siyirməsində Beatrisin Karlos Arxentinoya ünvanlanmış abırsız, ağlagəlməz, həddən artıq dəqiq məktublarını (xəttindən məni əsməcə tuturdu) görürdüm, Çakaritada müqəddəs abidə görürdüm, doyumulu Beatris Viterbo olan kəsin qorxunc qalıqlarını görürdüm, tünd rəngli qanımın dövr eləməsini görürdüm, sevginin, ölümün vurduğu dəyişikliyin qovuşuğunu görürdüm. Əlifi görürdüm, bütün nöqtələrdən Əlifda yer kürəsini, Yer kürəsində də yeni Alefi görürdüm, öz sifətimi, öz içalatımı görürdüm, sənin üzünü görürdüm; sonra başım fırlandı, ağladım, çünki gözlərim bir kəs onu görməsə də, adamların adından istifadə eladikləri bu sirli, güman olunan şeyi - dərkolunmaz kainatı görürdüm.








Xorxe Luis Borxes. Qum kitabı, Qanun Nəşriyyatı, Bakı, 2014, səhifələr 199-202.

Jorge Luis Boges. El libro de arena. Editorial La Ley, Baku, 2014, páginas 199-202.



No hay comentarios:

Publicar un comentario